ELM VƏ TƏHSİL
Koreya Respublikasının Azərbaycandakı səfiri Bakı Dövlət Universitetində
Bakı, 8 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Çoi Suk İn ilə görüşü olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik A. Məhərrəmov koreyaşünaslıq ixtisasının tədrisi, indiyədək bu ixtisas üzrə məzun olmuş mütəxəssislərin Koreya Respublikasının müxtəlif universitetlərində təcrübə keçməsi, səfirliyin dəstəyi ilə təşkil olunmuş müsabiqələr barədə danışıb və bütün bu işlərin həyata keçirilməsində səfir Çoi Suk İnin böyük dəstəyini qeyd edib.
Görüşdən məmnun qaldığını bildirən səfir Çoi Suk İn diplomatik fəaliyyətinin başa çatması ərəfəsində BDU-ya dəvət edildiyi üçün təşəkkür edərək, universitetlə bağlı xoş fikirlərini bölüşüb. Səfir, həmçinin Koreya dövlət proqramlarına əsasən, hər il 10 azərbaycanlı tələbənin bakalavr, magistr və fəlsəfə doktoru pillələri üzrə Seulda təhsil almalarından və həmin proqramlarda BDU tələbələrinin iştirakından danışıb.
Qonaq Koreya Respublikası ilə Azərbaycan Respublikası arasında elm, təhsil sahəsində əlaqələrin gələcəkdə də uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib.