CƏMİYYƏT
Koreya səfirliyi Biləsuvarda məskunlaşmış məcburi köçkünlərə dəstək məqsədilə layihə həyata keçirib
Bakı, 31 oktyabr, AZƏRTAC
Koreya Respublikasının Azərbaycandakı səfirliyi, ölkəmizdə fəaliyyət göstərən Koreya şirkətləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə oktyabrın 28-29-da Biləsuvar rayonunda layihə həyata keçirilib.
Cəbrayıl rayonundan olan məcburi köçkünlərə dəstək məqsədilə həyata keçirilən layihə bir neçə hissədən ibarət olub.
Layihə çərçivəsində 84 nəfərdən ibarət 3-5-ci sinif şagirdlərinin iştirakı ilə “Sehrli nağıl” rəsm müsabiqəsi keçirilib. Şagirdlər Azərbaycan nağılı “Göyçək Fatma” və Koreya nağılı “Şim Çonqun hekayəsi” haqqında təsəvvürlərini rəsmlərdə təsvir ediblər. Daha sonra şagirdlərə səfirlik, Azərbaycanda fəaliyyət göstərən Koreyanın “Halla” Korporasiyası, “Samsung Engineering” və “LG Electronics” şirkətləri tərəfindən məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub.
Layihə çərçivəsində Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-gyu Biləsuvarda olub, şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla layihə barədə aparılan müzakirələr zamanı layihənin Koreya və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb.
Səfər çərçivəsində səfir şəhid ailəsinə də baş çəkib. Ailəyə səfirliyin və Koreya şirkətlərinin hədiyyələri təqdim olunub.
Qeyd edək ki, 2014-cü ildən etibarən Koreya səfirliyi Azərbaycanda məcburi köçkünlərə dəstək məqsədilə bir sıra layihələr həyata keçirir.