CƏMİYYƏT
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Batumidə keçirilən beynəlxalq seminarda iştirak ediblər
Tbilisi, 17 dekabr, AZƏRTAC
Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin korrupsiyaya qarşı mübarizə idarələri rəhbərlərinin, üzvlərinin və ekspertlərin iştirakı ilə Batumidə beynəlxalq seminar keçirilib.
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının da iştirak etdikləri tədbir korrupsiyaya qarşı mübarizədə təsirli mübarizə metodlarına həsr olunub.
Tədbiri Gürcüstanın maliyyə naziri Nodar Xaduri açıb və seminarın məqsədi barədə qonaqlara ətraflı məlumat verib.
İki gün davam edən seminarda müvafiq idarələrin nümayəndələri antikorrupsiya orqanlarının inkişafı və potensialının artırılması ilə bağlı məsələlər ətrafında müzakirələr aparıb, fikirlərini bölüşüblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə həyata keçirilən antikorrupsiya tədbirləri barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, seminar beynəlxalq donorların maliyyə dəstəyi və Gürcüstan hökumətinin təşkilatçılığı ilə keçirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi