SİYASƏT
Krakovda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə edilib
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində yanvarın 27-də Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və Minsk qrupunun qarşıdan gələn dövr üçün nəzərdə tutulmuş fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Ermənistanın təxribatçı əməllərinə diqqəti cəlb edərək bu əməllərin danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü bildirib.
Münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha vurğulayan nazir ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.
Görüşdə Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında qaldırılıb.