CƏMİYYƏT
Külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısı alınıb
Bakı, 18 aprel, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX-nin mətbuat mərkəzdən AZƏRTAC-a bildiriblər ki, aprelin 17-də saat 05 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində üç nəfərdən ibarət silahlı qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddənin - 2 kiloqram heroinin və 3 kiloqram marixuananın Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.
Sərhəd pozucuları sərhəd naryadının qanuni tələbinə tabe olmamış və müqavimət göstəriblər. Sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi nəticəsində bir sərhəd pozucusu yaralanıb. Cinayətkar dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınıblar. Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib. hazırda onun vəziyyəti sabitdir.
Cinayətin digər iştirakçılarının müəyyən olunması və saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.