CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 27 santimetr artıb
Bakı, 5 may, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, mayın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 27 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 512 kubmetr olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 410 kubmetr olmaqla ongünlük normanın 57 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 133 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 224 kubmetr təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 7 santimetr azalma qeydə alınıb, Şirvan, Salyan və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 (2016-cı il mayın 5-də 438 sm), Şirvanda 215, Salyanda 138 (2016-cı il mayın 5-də 232 sm), Bankədə 169 (2016-cı il mayın 5-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 santimetr (2016-cı il mayın 5-də 158 sm) təşkil edir.