CƏMİYYƏT
Küveyt hər zaman Azərbaycanın mənafeyini müdafiə edir
Bakı, 18 aprel, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Küveyt Dövlətinin vəqflər və islam işləri nazirinin müavini, Asiya Müsəlmanları Komitəsinin sədri Adil Abdulla Əl-Fəlah ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mübariz Qurbanlı Adil Əl-Fəlahın Azərbaycanın dostu olaraq ölkəmiz üçün böyük işlər gördüyünü söyləyib. Qeyd edib ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər var. Hər iki ölkə İslam dünyasının bir parçasıdır.
Bildirilib ki, Azərbaycan daim Küveyt dövlətinin və xalqının dəstəyini hiss edib. İstər beynəlxalq təşkilatlarda, istərsə də qaçqın və məcburi köçkün vətəndaşlarımıza Küveyt Vəqfinin göstərdiyi yardımlar xalqımız və dövlətimiz tərəfindən hər zaman minnətdarlıqla xatırlanır.
Adil Abdulla Əl-Fəlah qeyd edib ki, artıq iyirmi ildir Azərbaycanla tanışdır və buranı özünün ikinci vətəni hesab edir. Dost ölkə olaraq Küveytin hər zaman Azərbaycanın mənafeyini müdafiə etdiyini vurğulayan qonaq ölkəmizlə bağlı gördüyü işlərdən də danışıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həm 20 Yanvar faciəsi, həm də Xocalı soyqırımı ilə bağlı kitablar nəşr etdiklərini bildirən Adil Abdulla Əl-Fəlah fevralın 26-da Küveytin bütün məscidlərində Xocalı soyqırımı haqqında danışıldığını və faciə qurbanlarının ruhuna dualar oxunduğunu deyib.
Mübariz Qurbanlı bildirib ki, Küveytlə Azərbaycan arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Azərbaycan Prezidentinin ərəb ölkələri ilə münasibətində özünəməxsusluq var və bu günlərdə həyata keçirilən ümrə ziyarəti buna əyani sübutdur. Mübariz Qurbanlı Dövlət Komitəsinin Küveytin Vəqflər və İslam İşləri Nazirliyi ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayaraq, gələcəkdə bir sıra layihələr həyata keçirməyin mümkün olduğunu diqqətə çatdırıb.
Görüşdə Adil Abdulla Əl-Fəlah Mübariz Qurbanlını Küveytə rəsmi səfərə dəvət edib.