REGİONLAR
Laçınlı gənclər rayonun ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilib
Ağcabədi, 6 mart, AZƏRTAC
Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin qəsəbədəki büstü önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransda çıxış edən YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərin ölkənin ictimai-siyasi həyatında rolundan bəs edib. Bildirib ki, YAP Gənclər Birliyi respublikamızın ən öndə gedən və keyfiyyətli gənclər təşkilatıdır.
Gənclər Birliyinin sədri Vüsal Həsənovun hesabat məruzəsində təşkilatın ötən konfransından keçən dövrdəki fəaliyyətindən bəhs edilib. Bildirilib ki, YAP Laçın rayon təşkilatının 3451 nəfər üzvünün, 747 nəfəri gənclərdir. Laçınlı gənclər rayonun ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilib. YAP üzvü olan gənclərin 344 nəfəri təhsil, 91 nəfəri səhiyyə, 169 nəfəri mədəniyyət, 98 nəfəri idarəetmədə çalışır. Gənclər Birliyinin üzvləri ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edirlər.
Gənclər onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, etimadı doğrultmaq üçün daha da səylə çalışacaqlarını bildiriblər. Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı dövlətimizin gənclərə xüsusi diqqətinin növbəti təzahürü kimi qiymətləndirilib.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Laçın rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.