REGİONLAR
Laçınlı məcburi köçkün: Prezidentin Fərmanından sonra ailə büdcəmizə ayda 180 manat daxil olacaq
Ağdam, 25 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı məcburi köçkünlər tərəfindən razılıqla qarşılanıb.
Ağdamın Qaradağlı kəndində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Qabil Sadıqov AZƏRTAC-ın müxbirinə bildirib ki, ailədə 5 nəfərdirlər. Prezidentin bu Fərmanı hər bir məcburi köçkün kimi onları da sevindirib. O deyib: “Məcburi köçkünlər üçün aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman ürəyimizcə oldu. İndi ailə büdcəmizə ayda 180 manat daxil olacaq və kommunal xidmətlərdən qənaətlə istifadə nəticəsində artıq qalan məbləği digər ehtiyaclarımıza yönəldə biləcəyik. Bu, məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsinə, ünvanlılığın təmin olunmasına və səmərəliliyin artmasına xidmət edəcək. Məcburi köçkünlərin qayğısına qaldığı üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Prezidentin 2017-ci il 23 yanvar tarixli Fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyənləşdirilib.