REGİONLAR


Lənkəran: seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir

A+ A

Lənkəran, 23 avqust, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslar davam edir.

AZƏRTAC xəbər verir ki, avqustun 23-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən kursların ikinci günündə rayonda fəaliyyət göstərən 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov seçici siyahıları ilə işin təşkili, referendumqabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və digər istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması ilə bağlı məruzə edib.

Rayon polis şöbəsinin rəisi İslam Hümbətov kurs iştirakçılarına seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi referendum sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu və onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri barədə ətraflı məlumat verib. Səsvermə günü rayon polis şöbəsinin gücləndirilmiş iş rejimində işləyəcəyini vurğulayan İ.Hümbətov səsvermə hüququ olan bütün rayon sakinlərinə şəxsiyyət vəsiqələri verilməsinin təmin olunacağını diqqətə çatdırıb.

Daha sonra 73 saylı Lənkəran şəhər dairə seçki komissiyasının sədri Kərim Heydərovun “Referenduma hazırlıq, referendumun keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili”, rayon məhkəməsinin sədri Fuad Sultanovun “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri”, rayon prokurorunun müavini Vəli Cəfərovun “Referendumun subyektləri, referendumda iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutulan qanunvericilik aktları və məsuliyyət növləri” mövzularında məruzələri dinlənilib.

İxtisaslaşdırılmış kursda çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələrindən, referendum prosesində KİV-lərin rolundan, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki cəhətlərindən danışıb.

Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.