CƏMİYYƏT
Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkarlanıb
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatlarına əsasən, Lənkəranda 10 saylı yanalma məntəqəsində dəniz sahilinə baxış keçiriblər. Baxış zamanı bir tank əleyhinə mina (TM-62M) aşkarlanaraq götürülüb. Nəticədə 1800 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən iyulun 8-dək agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonlarında, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Cəmi 5 min 789 partlamamış hərbi sursat, tank əleyhinə 194 mina və piyada əleyhinə 30 mina aşkar olunaraq zərərsizləşdirilib. 4 milyon 688 min 442 kvadratmetr ərazi (710 min 658 kvadratmetr əl ilə, 1 milyon 607 min 140 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 2 milyon 257 min 644 kvadratmetr minaaxtaran itlərin köməyi ilə) yoxlanılıb.