CƏMİYYƏT
Lənkəranda polis orqanlarında xidmətə qəbulla bağlı sıra baxışı keçirilib
Bakı, 24 may, AZƏRTAC
Kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon polis orqanlarında xidmətə qəbulla bağlı vakant sıravi və kiçik rəis heyəti, həmçinin “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində sıra baxışı keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən 450 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 45 nəfər polisin və Daxili Qoşunların sıralarında xidmətə, 165 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl təhsil almış, yüksək intellektə malik gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqları namizədlərin diqqətinə çatdırılıb.