CƏMİYYƏT


Leoni Mergenin “Qarabağ kolleksiyası” “L’Oreal Professionnel” brendinin illik tədbirində

A+ A

Bakı, 1 fevral, AZƏRTAC

Yanvarın 31-də Almaniyanın paytaxtı Berlində keçirilən “L’Oreal Professionnel” brendinin illik tədbirində gənc alman dizayner Leoni Mergenin öz gözəlliyi ilə ictimaiyyətin diqqətini çəkən yeni “Qarabağ kolleksiyası” şirkətin iki yüzə yaxın nümayəndəsindən ibarət xüsusi auditoriya qarşısında təqdim edilib. “L’Oreal” 22 milyard avro gəliri və 77 min işçisi olan dünyanın ən böyük kosmetika şirkətidir. Bu kolleksiyada Qarabağ mövzusu və mədəni irsi təqdim olunub. Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) məlumat verilib.

2017-ci il yanvarın 18-də Berlində keçirilən “MERCEDES BENZ MODA HƏFTƏSİ” çərçivəsində Leoni Mergenin yüksək dəyərləndirilmiş “Qarabağ kolleksiyası” TEAS-ın dəstəyi ilə ictimaiyyət və moda aləminə təqdim edildikdən sonra “L’Oreal Professionnel” tərəfindən ozünün illik tədbiri üçün seçilib.

Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalardan ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxaları və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda, texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri auditoriya tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiyanın hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir.

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov deyib: “Qarabağ kolleksiyası TEAS üçün çox maraqlı layihədir və biz Berlindən olan gənc dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və bu layihəni dəstəkləməkdən məmnunuq. Beynəlxalq media məkanında yüksək səviyyədə işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən “Qarabağ kolleksiyası”nın təqdimatı çərçivəsində Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.