CƏMİYYƏT
Londonda “Cinsi zorakılığa son” mövzusunda beynəlxalq sammit davam edir VİDEO
London, 11 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyunun 10-da Londonun “ExCel” Mərkəzində “Cinsi zorakılığa son” mövzusunda beynəlxalq sammit başlamışdır.
Azərbaycan sammitdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
İyunun 11-də sammit çərçivəsində “Ekspertlər günü” keçirilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova “Ekspertlər günü”ndə iştirak etmişdir.
Beynəlxalq sammitin əsas məqsədlərindən biri müzakirələrdə interaktiv mühiti təşviq etmək, iştirakçıların fəallığını stimullaşdırmaq və mövzu ilə bağlı mütəxəssislərin təcrübələrindən faydalanmaqdır.
Hökumət təmsilçiləri, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətlərinin nümayəndələri, ekspertlər arasında aparılan müzakirələr əsasında informasiya və təcrübə mübadiləsi məqsədi daşıyan tədbirdə Böyük Britaniya xarici işlər nazirinin müavini xanım Baroness Varsi çıxış etmişdir. O, cinsi zorakılığın yeni mövzu olmadığını və bu sahədəki problemlərin həll edilməsinin vacibliyini vurğulamışdır.
Tədbir ekspertlərin çıxışları və müzakirələrlə davam etmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London