DÜNYA
MDB PAA qısamüddətli müşahidəçilər missiyası Belarusda işə başlayıb
Minsk, 10 oktyabr, AZƏRTAC
MDB Parlamentlərarası Assambleyasının (PAA) qısamüddətli müşahidəçilər missiyası bu gün, oktyabrın 10-da Belarusda işə başlayıb. AZƏRTAC BELTA agentliyinə istinadla bildirir ki, bu barədə jurnalistlərə missiyanın rəhbəri - Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Yuri Vorobyov məlumat verib.
Missiyaya MDB üzvü olan yeddi ölkədən 40 nəfərin daxil olduğunu bildirən Y.Vorobyov deyib: “Bu gün biz işə başladıq. Parlamentin hər iki palatasının rəhbərləri ilə görüşəcəyik. Bundan əlavə, prezidentliyə namizədlərlə, həmçinin seçkiləri müşahidə edəcək avropalı tərəfdaşlarımızla görüşəcəyik”.
O xatırladıb ki, MDB-nin uzunmüddətli missiyası artıq bu ölkədə işləyir. MDB PAA missiyasının rəhbəri həmin müşahidəçilər tərəfindən tərtib edilmiş ilkin hesabatı bu gün Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkoya təqdim edib. Yuri Vorobyov Belarus seçki qanunvericiliyinin beynəlxalq standartlara müvafiq olması barədə rəyi də təqdim edib.
MDB PAA missiyasının başçısı jurnalistlərə müraciətlə qeyd edib ki, Belarusda seçkilərin gedişi barədə hələlik heç bir şərh verməyəcək. O, fikrini belə izah edib: “Mənə bu cür sualları bazar ertəsi (oktyabrın 12-də) vermək olar”.
Müşahidəçilər missiyasının rəhbəri V.Andreyçenko ilə görüşdə onu da bildirib ki, qısamüddətli missiya bütün ölkədə işləyəcək və mümkün qədər çoxsaylı seçki dairələrində olmağa çalışacaq. Müşahidəçilər vətəndaşların səsvermə prosesinə qoşulmasına imkan yaradılıb-yaradılmamasını, seçkilər günündə təşviqatın qadağan olunmasına riayət edilib-edilməməsini izləyəcəklər.
Yuri Vorobyov Viladimir Andreyçenko ilə görüşdə deyib: “Ümidvarıq ki, artıq fəaliyyətə başlamış missiyamız müşahidəni diqqətlə və vicdanla həyata keçirməyə, müvafiq nəticələr çıxarmağa imkan verəcək”.
Xatırladaq ki, Belarusda prezident seçkiləri oktyabrın 11-də keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk