İQTİSADİYYAT
MİLLİ XƏZƏR FƏALİYYƏT PLANININ TƏQDİMATI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xəzər Ekoloji Proqramının (XEP) Bakı nümayəndəliyi mütəxəssislərinin hazırladıqları Milli Xəzər Fəaliyyət Planının kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün təqdimat mərasimi keçirilmişdir. Xəzərin aktual problemlərinin həlli üçün sistemləşdirilmiş sənəd olan bu planın hazırlanmasında XEP tərəfindən aparılmış transsərhəd diaqnostika analizindən istifadə edilmişdir.
Nazir Hüseynqulu Bağırov mərasimdə bildirdi ki, bütün müvafiq nazirliklərlə, neft şirkətləri, qeyri-hökumət təşkilatları ilə razılaşdırılacaq son variant ictimaiyyətin geniş təbəqələrinin iştirakı ilə iyulun 8-də keçiriləcək forumda təqdim olunacaqdır. İlk dəfə işlənib hazırlanan bu plan Xəzərin ekoloji problemlərinin həllinin, o cümlədən bioloji müxtəlifliyin mühafizəsinin, dənizin çirklənməsinə səbəb olan antropogen amillərin aradan qaldırılmasının bütün cəhətlərini əhatə edir. Planda təxirəsalınmadan həllini gözləyən 50-dən çox problem göstərilmişdir. Plan 10 il üçün nəzərdə tutulmuşdur və, ilkin hesablamalara görə, onun həyata keçirilməsindən ötrü 245 milyon ABŞ dolları lazımdır. Nazir birinci növbəli layihələr sırasında Kür çayının mənsəbinin təmizlənməsinə dair layihəni (onun həyata keçirilməsi üçün 5 milyon dollar tələb olunur) və Böyükşor gölünün qurudulması məsələsini də göstərdi və bildirdi ki, həmin gölün suyunun bir litrində 50 qram neft məhsulları var və bu, bütün sanitariya-gigiyena normalarından yüksəkdir.
H.Bağırov həmçinin qeyd etdi ki, transsərhəd diaqnostika analizi və beş Xəzəryanı ölkənin Milli Xəzər Fəaliyyət Planı əsasında bütün bu dövlətlər üçün ümumi olan strateji tədbirlər planı hazırlanacaq və burada transsərhəd problemlərinin həlli üçün tədbirlər nəzərdə tutulacaqdır.