DÜNYA
Malayziyada daşqınlara görə təxliyə olunanların sayı 80 minə çatıb
Kuala Lumpur, 25 dekabr, AZƏRTAC
Malayziyanın Baş naziri Hacib Tun Razak ölkənin bütün təşkilatlarından şimalda və şərqdə baş verən daşqınlardan zərərçəkənlərin təxliyəsi və onlara yardım göstərilməsi ilə əlaqədar daha səmərəli addımlar atmağı tələb edib.
“The New Straits Times” qəzetinin 25 dekabr tarixli nömrəsində xəbər verilir ki, artıq 78,5 min yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Baş nazir bildirib ki, daşqınlarla əlaqədar vəziyyət getdikcə pisləşir və buna görə də təcili tədbirlər görmək lazımdır. Kelantin ştatında vəziyyət daha ağırdır. Burada müvəqqəti təxliyə mərkəzlərinə 30 minə yaxın insan yerləşdirilib. Həmin rayonda çayların səviyyəsi nəzərdə tutulan maksimum normanı bir metr keçib, yolların əksəriyyəti bağlanıb.
BERNAMA informasiya agentliyinin yaydığı məlumata görə, bir çox ştatlarda qatarların hərəkəti dayandırılıb. Bununla bərabər, “AirAsia” aviaşirkətinin nümayəndələri təbii fəlakətin reyslərin icrasına maneə yatamadığını bildiriblər.
Malayziyanın hakimiyyət orqanları builki daşqınları son 10 ilin ən güclü daşqınları adlandırıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur