MƏDƏNİYYƏT
Mariya İvanova: Azərbaycanda film çəkilişləri üçün hər cür şərait var
Azərbaycanda film çəkilişləri üçün hər cür şərait var. Ölkənizin təbiəti gözəldir, bütün iqlim qurşaqları var. Düşünürük ki, növbəti filmimiz tammetrajlı olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sonuncu” filminin prodüsserlərindən olan Mariya İvanova jurnalistlərə müsahibəsində deyib.
Bildirib ki, Rusiya-Azərbaycan komandasının prodüsserləşdirdiyi “Sonuncu” filmi Kann festivalının əsas müsabiqə proqramına daxil edilib. “Buta Films” şirkəti və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan bu filmin fəlsəfi mahiyyəti xarici peşəkarların ən yüksək qiymətlərinə layiq görülüb.
Diqqətə çatdırıb ki, filmin istehsalı 9 aya başa gəlib. “Sonuncu” quruluşçu rejissor Sergey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii filmdir. Bir gün o, sonuncu veteranın öldüyünü eşidir. Halbuki tamaşaçı məhz onun sonuncu olduğunu başa düşür. Filmin çox fəlsəfi mahiyyəti var. Biz tarix, müharibədə döyüşmüş adamlar haqqında fikirləşməli, onları yada salmalıyıq. Çünki vaxt gələcək ki, həqiqətən də Yer üzündə sonuncu veteran qalacaq.
Gənc prodüsser Mariya İvanova “Sonuncu” filmini qrup istehsalı kimi əla nümunə, işləri davam etdirmək üçün yaxşı başlanğıc adlandırıb.
Xatırladaq ki, “Sonuncu” filminin digər prodüsseri Nəsib Piriyevdir. Sənədli film sahəsində formalaşmış peşəkarlar ilk dəfə öz güclərini bədii filmdə sınayıblar və dərhal da Kann kinofestivalının iştirakçısı olublar.