MƏDƏNİYYƏT
Marşrut Tərtərdən İsmayıllı - Qəbələ-Şəki istiqamətindədir VİDEO
Tərtər, 22 avqust (AZƏRTAC, Tahir Ağaməmmədov). Avqustun 22-də Tərtər şəhərinin mərkəzi meydanında bu rayonun məktəblilərindən ibarət qrupun İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirildi.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirak etdikləri tədbirdə çıxış edənlər dövlətimizin başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib, məktəblilərə mənalı istirahət arzuladılar.
Qrupun rəhbəri, Cəmilli kənd tam orta məktəbinin müəllimi Rəşad Şahbazov AZƏRTAC-a müsahibəsində dedi: “Respublikamızın bütün regionlarını əhatə edən maarifləndirici tur-aksiyaya bu gün cəbhə bölgəsində yerləşən Tərtər rayonunun məktəbliləri də qoşulur. Onların sevincini dillə ifadə etmək çətindir. Düşünürəm ki, tur-aksiya şagirdlərin yaddaşında həmişəlik qalacaq, onların Vətənini, dövlətini sevən bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq”.
Tur-aksiyada iştirak edən şagird, müəllim və müşayiətçilər ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət etdikdən sonra İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola düşdülər.