QAN YADDAŞI
Mart soyqırımı günlərində Hüseyn Cavidin Bakıda yaşadıqları
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tarixə qısa nəzər salaraq xalqımıza qarşı bolşevik-daşnak birləşmələrinin 1918-ci ildə törətdikləri cinayətləri haqlı olaraq ümummilli lider Heydər Əliyevin soyqırımı kimi qiymətləndirdiyini və hadisələrə layiqli hüquqi qiymət verdiyini söyləyib.
G.Babaxanlı böyük şairimiz Hüseyn Cavidin həmin dövrdə Bakıda yaşadığı faciəli və üzüntülü günlərdən də bəhs edib. Qeyd edib ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi vəhşiliklər zamanı ölüm təhlükəsi ilə üzləşənlərdən biri də məhz dahi dramaturqumuz Hüseyn Cavid olub. Qaniçən erməni cəlladları Hüseyn Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayan digər soydaşlarımızı oradan silah gücünə çıxarıblar. Mehmanxanadan çıxarılan 70 nəfərdən 60-ı yoldaca qətlə yetirilib, yalnız on nəfər sağ qalıb. Hüseyn Cavid də təsadüf nəticəsində ölümün pəncəsindən qurtulan on nəfərdən biri olub. Bolşeviklər “Açıq söz” qəzetinin mətbəəsini atəşə tutduqları zaman H.Cavid ağlayaraq bu sözləri deyib: “Basılmış əsərlərimdən yalnız 25 danəsi və hər birindən 100-ə yaqın kitabçılar aldıqdan sonra səkkiz bin kitabça 1918 mart hadisəsində bir saata mətbəədə yandı”.
Qüdrətli dramaturq şah əsərlərindən biri olan “İblis” faciəsini məhz bu acı təsirlər altında yazıb.