REGİONLAR
Masallıda bir yeni və əsaslı təmir edilən üç məktəb istifadəyə verilib
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq inşa edilmiş 220 şagird yerlik Mahmudavar kənd ümumi orta məktəbinin yeni binası, əsaslı təmir edilmiş 1147 şagird yerlik Masallı şəhər 1 nömrəli, 640 şagird yerlik Bədəlan kənd və 624 şagird yerlik Böyük Kolatan kənd tam orta məktəblərinin binaları müəllim və şagirdlərin ixtiyarına verilib.
“Bilik Günü”ndə, həmçinin 100 yerlik Bədəlan kənd uşaq bağçasının da açılışı olub.
Yeni təhsil ocaqlarında dərslərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Geniş, işıqlı siniflər, tədris vəsaitləri şagirdlərin bilikləri dərindən mənimsəmələrinə xidmət edir. Kompyuter otağında şagirdlər yeni informasiya texnologiyalarını öyrənəcəklər.
Təhsil müəssisələrinin açılış mərasimlərində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatları Elmira Axundova və Nəriman Əliyev, ictimaiyyətin nümayəndələri rayonun təhsil işçilərini və şagirdləri “Bilik Günü” münasibətilə təbrik edərək, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Rayonun təhsil işçiləri, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qonaqlar məktəblərdə yaradılan şəraitlə yaxından tanış olublar.