CƏMİYYƏT
Maştağa qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası layihəsi həyata keçirilir
Bakı, 8 sentyabr, AZƏRTAC
Sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin real həyata uzlaşması, müstəqil vərdişlərə yiyələnməsi, fiziki və əqli inkişafı səviyyəsinə uyğun olaraq təhsil alması, onun inkişaf səviyyəsini şərtləndirən əsas amillərdən biridir.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət sifarışı çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” layihəsi həmin məqsədə xidmət edir.
“Oriqami” Uşaq və Yeniyetmələr Birliyi sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası layihəsi çərçivəsində rayondakı 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Uşaq poliklinikası ilə əlaqələr yaradıb. Poliklinikada sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və onların valideynləri ilə uşaq əlilliyi sahəsində maarifləndirmə tədbirləri aparılır.
Altı ay davam edəcək layihə çərçivəsində sosial reabilitasiya və maarifləndirmə tədbirləri ödənişsiz həyata keçiriləcək.