İDMAN
Maykl Qarsia FİFA-dan gedir
Bakı, 18 dekabr, AZƏRTAC
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Etika Komitəsinin istintaq palatasının başçısı Maykl Qarsia istefa verib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bununla o, 2018 və 2022-ci illər dünya çempionatlarının təşkilatçı ölkələrinin seçkiləri ilə bağlı araşdırmalarının nəticələrinin hansı şəkildə təqdim olunmasına etirazını bildirib.
Daha əvvəl bildirilib ki, FİFA-nın Etika Komitəsinin arbitraj palatasının başçısı Hans-Yoaxim Ekkert 2018 və 2022-ci illər dünya çempionatlarının təşkilatçı ölkələrinin seçkiləri prosesində M.Qarsianın hesabatı əsasında pozuntu halları tapmayıb. M.Qarsia bildirib ki, Ekkertin hesabatında araşdırmanın gedişatı haqqında natamam və yanlış məlumatlar yer alıb. Buna görə də apelyasiya şikayəti verib. Dekabrın 16-da FİFA M.Qarsianın apelyasiyasını əsassız sayıb.
M.Qarsianın bəyanatında deyilir: “Hesabatımı Ekkertə təqdim etdikdən sonra mənə dedi ki, onu yalnız ixtisar edilmiş şəkildə dərc etmək olar. Mən hesabatın yalnız bir hissəsinin açıqlanmasının FİFA-nın maraqlarına cavab verməyəcəyindən narahat oldum və FİFA-nın icraiyyə komitəsini onu tam şəkildə dərc etməyə çağırdım. Lakin bunun əvəzində icraiyyə komitəsi mənim işimi intizam komitəsinə verərək, məni etika məcəlləsini pozmaqda ittiham etdi”.
M.Qarsianın sözlərinə görə, o, H.Y.Ekkertə 430 səhifəlik material təqdim edib. Redaktədən sonra materialın cəmi 42 səhifəsi qalıb.
O, daha sonra deyib: “Görünür, Ekkertin hesabatı 2018 və 2022-ci illər dünya çempionatlarının təşkilatçı ölkələrinin seçkilərinin qanunauyğunluğu haqqında qərarın qəbul edilməsində son söz olacaq. Doğrudur, İdman Arbitraj Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Lakin mən belə qənaətə gəlmişəm ki, bunun heç bir əməli faydası olmayacaq. Təşkilatın mədəniyyətini heç bir müstəqil komitə, müstəntiq və arbitraj palatası dəyişdirə bilməz.
Ekkertin hesabatının açıqlanmasından sonra Etika Komitəsindəki həmkarlarımın müstəqilliyinə inamımı itirdim. FİFA-da bu sahədə liderin olmaması məni istefa qərarı almağa məcbur etdi”.
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platini Maykl Qarsianın istefasını FİFA-nın növbəti uğursuzluğu adlandırıb. O deyib: “Biz hamımız şəffaflıq istəyirdik, lakin bu, FİFA-nın yeni uğursuzluğudur”.
FİFA-nın prezidenti Yozef Blatter M.Qarsianın istafa verməsini təəccüblə qarşılayıb. FİFA-nın mətbuat xidmətinin məlumatında deyilir ki, qurumun Etika Komitəsinin istintaq palatasının yeni başçısı icraiyyə komitəsinin dekabrın 19-20-də Mərakeşdə keçiriləcək iclasında seçiləcək.