DÜNYA


Məhəmməd Cavad Laricani: İran Avropa İttifaqına Tehranda ofis açmağa icazə verməyəcək

A+ A

Tehran, 29 oktyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) xarici siyasət komissarı Federika Moqerini oktyabrın 29-da Tehrana gələrək İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Yerli mətbuat bildirir ki, görüşdə Suriya problemi ilə yanaşı, İran-Aİ münasibətləri də müzakirə mövzusu olub. İran-Aİ münasibətlərində isə ziddiyyətli məqam İranda insan hüquqlarının vəziyyəti ilə bağlıdır. Belə ki, İran insan hüquqlarının vəziyyətini Aİ nümayəndələri ilə müzakirə etməyə hazır olduğunu bildirsə də, təşkilatın İranda insan hüquqları ilə bağlı yaydığı hesabata kəskin reaksiya verərək onu qərəzli adlandırıb və qurumun Tehranda ofisinin açılmasının əleyhinə çıxıb.

İranın Məhkəmə Hakimiyyətinin İnsan Hüquqları üzrə Ali Şurasının katibi Məhəmməd Cavad Laricani bəyan edib ki, İran Aİ-yə insan hüquqları ilə bağlı Tehranda ofis açmağa icazə verməyəcək.

O deyib: “Bu ofis korrupsiya evinə çevriləcək və İranın məhkəmə hakimiyyəti buna göz yuma bilməz. Aİ-nin İrana nəyisə diktə etmək hüququ yoxdur”.

Xatırladaq ki, ötən həftə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhrəm Qasimi bəyan etmişdi ki, İran Aİ-nin bütün sahələr üzrə əməkdaşlıq etmək niyyətini alqışlayır.

Lakin Aİ-nin yuxarıda qeyd etdiyimiz hesabatından sonra tərəflər arasında qarşılıqlı ittihamlar müşahidə edilir.

Qeyd edək ki, F.Moqerininin Prezident Həsən Ruhani ilə də görüşü nəzərdə tutulub.

Aİ-nin nümayəndəsi Tehran görüşlərindən sonra Suriya məsələsini müzakirə etmək üçün Ər-Riyada yola düşəcək.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.