CƏMİYYƏT
“Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsinin nəticələri açıqlanıb VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” araşdırmalar fondu tərəfindən Avropa İttifaqının dəstəyi ilə icra olunan “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, konfransda Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin departament rəhbəri Yerun Villems, proqram rəhbəri Məryəm Hacı İsmayılova, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, DİN, Ombudsman Aparatı və müstəqil ekspertlər iştirak edib.
Konfransda “Konstitusiya” araşdırmalar fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, layihə çərçivəsində son illərdə Azərbaycanda ilk dəfə olaraq prokurorluq, ədliyyə orqanları, yerli icra hakimiyyəti əməkdaşları və məhkəmə işçiləri üçün məişət zorakılığının əsas səbəbləri və gender bərabərliyi konsepsiyası, zorakılıqdan zərər çəkən şəxslərin müdafiəsi, məişət zorakılığı cinayətlərinin araşdırılması zamanı qanunvericiliyin tətbiqi ilə bağlı peşəkar təlimlər keçirilib. Təlimlərin əsas hədəfi iştirakçıların kvalifikasiyasının artırılması olub. Bu istiqamətdə çox ciddi nəticələr əldə edilib. Eyni zamanda, maarifçilik komponenti çərçivəsində çoxmiqyaslı fəaliyyətlər həyata keçirilib.
“Qadınlar Arasında Həmrəylik” İB-nin sədri Ruhəngiz Hüseynova bildirib ki, layihənin ən böyük uğurlarından biri Azərbaycan təcrübəsində ilk dəfə olaraq 15 saatlıq təlim kursunu əhatə edən “Gender bərabərliyi və məişət zorakılığı anlayışı”, “Azərbaycanda məişət zorakılığına dair qanunvericilik”, “Məişət zorakılığı hallarında ilkin müdaxilə”, “İnzibati Xətalar Məcəlləsi və məişət zorakılığı halları”, “Cinayət Məcəlləsi və məişət zorakılığı halları” mövzularında təlim modullarının hazırlanması və vahid təlim vəsaiti kimi nəşr olunmasıdır. Onun sözlərinə görə, layihə uğurla icra olunub, dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.
Yerun Villems bildirib ki, qadınlara qarşı zorakılıq hazırda insan hüquqlarının pozulmasının ən geniş yayılmış formasıdır. Avropa Şurasının məlumatına görə, Avropada qadınların 45 faizi ömründə bircə dəfə də olsun zorakılığa məruz qalıb. O qeyd edib ki, profilaktika hər zaman müalicədən yaxşıdır: “Biz zorakılığın nəticələrinə qarşı mübarizə aparmaqdansa, zorakılıq hallarına son qoyulmasına çalışmalıyıq. Qadınların ictimai həyatda bərabərhüquqlu iştirakına nail olmaq üçün diskriminasiya yaradacaq qanunlar dəyişməli və praktikaya son qoymalıyıq, qadınlara iqtisadi resurslara çıxışına imkanlar yaratmalıyıq”, - deyə əlavə edib.
Onun sözlərinə görə, Avropa İttifaqı gender bərabərliyi, məişət zorakılığına qarşı mübarizə məsələlərini hər zaman diqqətdə saxlayır. Bu istiqamətdə müvafiq dövlət qurumları və QHT-lərlə sıx işləməyə çalışır. Avropa İttifaqı hər zaman bu məsələlərlə bağlı təşəbbüsləri dəstəkləməyə səy göstərir.
R.Hüseynova layihənın nəticələrinə həsr olunan təqdimatla çıxış edib. Layihə çərçivəsində Quba, Masallı, Bərdə, Yevlax, Mingəçevir, Şəmkir, Goranboy və Şəkidə 3 gün müddətində 15 saatlıq təlim kursu təşkil olunub. Təlim qanunvericiliyin tələbləri, məişət zorakılığının qarşısının alınması, yanaşma tərzi və qurbanları müdafiə etmək mövzuları üzrə xüsusi qruplarla işləmək praktikasını təkmilləşdirmək məqsədilə keçirilib. Təlimlərdə 191 (45 qadın və 146 kişi) nəfər iştirak edib.
Layihə çərçivəsində rayonlarda “dəyirmi masa”lar təşkil olunub. “Dəyirmi masa”lar qadınların hüquqları haqqında məlumatlılığın artırılması, onları məişət zorakılığından qorunma yolları və qanunvericiliklə tanış etmək, məişət zorakılığı qurbanlarına yanaşma tərzini dəyişmək məqsədilə keçirilib. Tədbirlərdə rayon ictimaiyyətini təmsil edən 287 fəal qadın iştirak edib. Tədbir iştirakçılarına buklet və qanunvericilikdən çıxarışlar təqdim olunub.
Layihə çərçivəsində rayon məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşlər təşkil olunub. Müzakirələr debat formasında aparılıb. Görüşlərdə yuxarı siniflərdə təhsil alan 211 şagird iştirak edib. Layihə çərçivəsində, həmçinin iki sosial çarx çəkilib. Təlim keçirilən rayonlarda əhalinin məişət zorakılığına yanaşmasını və bu yanaşmanın dəyişməsini öyrənmək məqsədilə 500 nəfər arasında sorğu keçirilib.
Tədbirdə layihə nəticələrinin təqdimatından sonra sosial çarxlar nümayiş olunub.
Layihə eksperti Zaur İbrahimov məişət zorakılığının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində tövsiyələrini bildirib.
Müzakirələr zamanı Ombudsman Aparatının təmsilçisi Rəşad Rumzadə, İsveçrə səfirliyinin təmsilçisi Zahir Əhmədov, Daxili İşlər Nazirliyinin nümayəndələri öz fikirlərini bölüşüblər.