CƏMİYYƏT
Məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
Bakı, 6 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 nömrəli məktəb-liseyin şagird və müəllimlərinin bir qrupu Heydər Əliyev Mərkəzinə ekskursiya edib.
AZƏRTAC xəbər verir ki, şagirdlərin valideynlərinin də iştirak etdikləri ekskursiya ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi ilə təşkil olunub.
Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, orijinal quruluşa malik olan bina haqqında məlumat veriblər. Bildirilib ki, müasir Bakının rəmzlərindən biri hesab edilən Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Mərkəzdə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatlar ən son texnoloji yeniliklərdən istifadə edilməklə interaktiv formada təqdim olunur.
İştirakçılar Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan ölkəmiz haqqında maraqlı məlumatlar əldə ediblər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələri məktəblilərdə xoş təəssürat oyadıb.