CƏMİYYƏT
“Mənə vacib olan bilik və tövsiyələr” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
Xəzər rayonundakı Gənclər Evində “Mənə vacib olan bilik və tövsiyələr” mövzusunda yol hərəkəti, yanğın təhlükəsizliyi, dəm qazından qorunmaq və fövqəladə hallar zamanı insanların davranışlarına həsr olunan maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, tədbirin keçirilməsində məqsəd cəmiyyətdə insanların bilik və təcrübələrini artırmaqla maarifçilik ənənələrinin davam etdirilməsi, insanlar arasında mədəni dəyərlərin təbliğ olunmasıdır. İştirakçılara yol hərəkəti təhlükəsizliyi, yaşayış evlərində yanğın təhlükəsizliyi, dəm qazından qorunma, təbii fəlakətlər, texnogen qəzalar zamanı insanların hüquqları, vəzifələri, eləcə də davranış qaydaları barədə məlumatlar verilib.
Mütəxəssislər tərəfindən uşaq və gənclərin bu istiqamətdə ictimai davranışlarının gücləndirilməsi ilə bağlı fikirlər səslənib, Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanan yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarx nümayiş olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.