MƏDƏNİYYƏT
Məşədi İbadın üç namizədi var…
Oktyabrın 25-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Xalq Artisti Cənnət Səlimovanın yeni quruluşda “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası yazıldığı gündən dünyanın bir çox teatrlarında, fərqli rejissorların quruluşunda, fərqli aktyorların ifasında tamaşaya hazırlanıb və illər ötdükcə nəinki onun aktuallığı azalmayıb, musiqisi dəbdən düşməyib, əksinə hər zaman zirvədəki əbədi yerini qoruyub saxlamağa müvəffəq olub.
Bu ölməz əsər XXI əsrdə də tamaşaçılarını öz sehrində, cazibəsində saxlamaqdadır.
Xalq Artisti Cənnət Səlimova ilk dəfə bu tamaşaya quruluş verəndə Məşədi İbad rolunu Xalq Artisti Hacıbaba Bağırov, 2008-ci ildə isə tamaşa yenidən bərpa olunanda bu obrazı Ramiz Məmmədov oynayıb.
Bu dəfə isə Məşədi İbadın üç namizədi var: əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev və Şövqü Hüseynov! Operettanın daha bir əsas qəhrəmanı olan Gülnazı da iki xanım ifaçı, Əməkdar Artist Səidə Şərifəliyeva və Gültac Əlili təqdim edəcək. Sənəm obrazını isə Xalq Artisti Afaq Bəşirqızı, Əməkdar Artist Naidə Orucova, gənc aktrisa Gülnarə Abdullayeva canlandıracaq. Əməkdar Artist Əkbər Əlizadə və Elxan İsmayılov İntelligent Həsəni, Əməkdar Artist Novruz Əliyev və Ziyadxan Cəbrayılov Məşədi Qəzənfəri, Möylə Mirzəliyev Rüstəm bəyi, Əzizağa Əzizov Qoçu Əsgəri, Nadir Xasıyev, Səmədzadə Xasıyev Həsənqulu bəyi, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov Qəzetçi Rzanı, Hüseyn Əlili və Ağaxan Şərifov isə Hambalı oynayacaqlar.