CƏMİYYƏT
Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə müzakirələr aparılıb
Bakı, 23 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ETSN-in tabeli qurumlarının əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Cəlilabad Dövlət Yanğından Mühafizə Hissəsinin, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran yerli icra hakimiyyətləri orqanlarının və meşə əraziləri ilə həmsərhəd olan bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə meşələrin ümumi vəziyyəti, yanğınların baş vermə səbəbləri və meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə məruzələr edilib, təqdimatlar nümayiş olunub.