CƏMİYYƏT
“Meşələri qoruyaq” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 5 iyul, AZƏRTAC
Ölkənin meşə ehtiyatlarının qorunması və davamı idarə edilməsi sahəsində məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən keçirilən “Meşələri qoruyaq” V respublika müsabiqəsi başa çatıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, may-iyun aylarında keçirilən müsabiqədə meşə ekologiyası və davamlı idarəetmə, meşənin florası, meşənin faunası nominasiyaları üzrə respublikanın orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri, “gənc meşəçilər” dəstələrinin üzvləri iştirak ediblər. Müsabiqənin yekun mərhələsinə təqdim olunmuş 62 ekoloji layihə orta məktəblərdə, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərində fəaliyyət göstərən “gənc meşəçilər” dəstələrinin fəaliyyətini, meşələrin fauna və florasının qorunmasını, meşələrə antropogen təsirin öyrənilməsinə aid ekoloji tədqiqatları, ekoloji problemlərin həlli yollarını əhatə edib. Ekoloji layihələrdə meşələrin artırılması və bərpa olunması üsulları, yeni meşə zolaqlarının salınması, meşə bitkilərinin tədris-təcrübə sahəsində artırılması, meşə ehtiyatlarının davamlı istifadəsinə dair təkliflər şərh edilib.
Qax, İsmayıllı, Şamaxı, Gəncə, Şəki, Goranboy, Cəlilabad məktəblilərinin layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Qax şəhər 3 saylı tam orta məktəbinin, Şamaxı rayonu Sabir adına qəsəbə kənd tam orta məktəbinin, İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbinin gənc meşəçilərinin təqdim etdikləri layihələr xüsusilə fərqlənib.
Müsabiqənin qaliblərinə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin diplomları və hədiyyələri təqdim olunub.