CƏMİYYƏT
Mətbuat Şurasında ilk poliqrafçı alim Şəddat Cəfərovun yubileyi qeyd edilib
Oktyabrın 30-da Mətbuat Şurasında tanınmış yazıçı, Azərbaycanın ilk poliqrafçı alimi, milli poliqrafiyanın inkişafında mühüm xidmətləri olmuş Şəddat Cəfərovun 75 illiyinə həsr edilən toplantı keçirilib.
Şuradan AZƏRTAC-a bildirilib ki, Ahıl Jurnalistlər Məclisinin təşkil etdiyi tədbirdə yubilyarın sənət dostları, yaxınları, veteran jurnalistlər iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov toplantıda çıxış edərək bildirib ki, Ş.Cəfərov 75 illik ömrünün 55 ilini poliqrafiya sənətinə həsr edib. Gördüyü işlər onu ölkə ictimaiyyətinə böyük istedad sahibi, səmimi və qayğıkeş dost kimi tanıdıb. Ş.Cəfərovun başlıca xüsusiyyəti onun daim ictimaiyyətin, jurnalistlərin çevrəsində olması, bədii yaradıcılığa üstünlük verməsidir.
Ə.Amaşov 75 illik yubileyi və Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Ş.Cəfərova Mətbuat Şurasının diplomunu təqdim edib.
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri, Əməkdar Jurnalist Yusif Kərimov Ş.Cəfərovun fəaliyyətinin məxsusi tərəflərinə diqqəti cəlb edib.
Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ş.Cəfərovu peşəyə bağlılıq nümunəsi kimi xarakterizə edib. O, belə şəxslərin diqqətdə saxlanılmasının gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından əhəmiyyətini vurğulayıb.
Digər çıxış edənlər Ş.Cəfərovun həyat və fəaliyyəti haqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
“Azərbaycan” nəşriyyatının baş direktorunun müavini Allahverdi Məmmədov Ş.Cəfərovun uzun illər bu qurumdakı fəaliyyətindən danışıb, nəşriyyatın yubiley hədiyyəsini ona təqdim edib.
Tədbirdə Ş.Cəfərovla bağlı sənədli film də nümayiş etdirilib.