CƏMİYYƏT
Mətbuat Şurasının sədri Tbilisidə beynəlxalq konfransda iştirak edib
Bakı, 2 iyul, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi çərçivəsində söz azadlığı və medianın özünütənzimləmə məsələlərinə həsr olunan beynəlxalq konfrans keçirilib.
Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib. Bu barədə Mətbuat Şurasından AZƏRTAC-a məlumat verilib.
Toplantıda şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məruzə edib, ölkəmizdə söz və ifadə azadlığına dair spesifik məqamlardan söhbət açıb. Şura sədri, həmçinin bildirib ki, internet media resurslarının sürətlə artdığı hazırki şəraitdə onların ictimai tənzimlənməsinə də həssas yanaşılmalıdır. Təəssüf ki, biz heç də həmişə bu həssaslığın şahidi ola bilmirik. Əksinə xoşagəlməz hallarla üzləşirik və bu hallar təkcə internet media ilə əlaqəli olmur. Ümumən söz və ifadə azadlığına baxış məsələsini aktuallaşdırır. Şura sədri deyib: “Birinci Avropa Oyunları müstəvisində Azərbaycana təzyiq cəhdlərinin şahidi olduq. İdman hadisəsini əsassız olaraq söz və ifadə azadlıqları kontekstinə daşıma meyillərini gördük. Əlbəttə, belə hallar Oyunların ümumi ab-havasına təsir göstərə bilməzdi. Hər bir halda düşünürük ki, söz və ifadə azadlığı bir meyardırsa, bu meyar alətə çevrilməməlidir”.
Toplantıda mövzu ilə bağlı müzakirələr aparılıb. Azərbaycan nümayəndələri birinci Avropa Oyunlarının işıqlandırılması xüsusiyyətlərinə dair sualları cavablandırıblar. Şura sədri Oyunların Azərbaycan jurnalistləri üçün də mühüm təcrübə olduğunu vurğulayıb, yerli medianın prosesdə fəal iştirakından söz açıb.
Müzakirələrdə internetin geniş yayılması ilə yeni üsul və vasitələr əldə edən medianın daha dərindən təhlilinə, söz və ifadə azadlığına təhlükə yarada biləcək mümkün manipulyasiya vasitələrinin, o cümlədən plagiat hallarının aradan qaldırılması istiqamətində konkret tədbirlərə ehtiyac duyulduğu önə çəkilib, Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin perspektiv fəaliyyət istiqamətlərinə nəzər salınıb.