CƏMİYYƏT
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib. Əvvəlcə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Dəyişikliyə əsasən sənədin 211-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasından "peşə və vəzifələrin" sözləri çıxarılacaq.
İclasda "Turizm haqqında" Qanun layihəsi barədə müzakirələr aparılıb. Hadı Rəcəbli deyib ki, layihə dünya təcrübəsinə uyğun hazırlanıb. O, turizmin inkişafının ölkəmizdə prioritet məsələlərdən biri olduğunu vurğulayaraq bu istiqamətdə son zamanlar mühüm addımların atıldığını bildirib. Qeyd edilib ki, sənəd səkkiz fəsildən və 93 maddədən ibarətdir. Qanunda turizm sahəsində dövlət siyasəti, tənzimləmə prinsipləri, məqsəd və vəzifələr, dövlət idarəetməsinin həyata keçirilməsi, turizm fəaliyyətinin təşkili, xidmət növləri, bu sahədə təhlükəsizliyin təmin edilməsi və digər məsələlər öz əksini tapıb.
Müzakirələr zamanı deputatlar qanun layihəsi barədə fikirlərini açıqlayıb, rəy və təkliflərini veriblər.
Deputatlar, həmçinin "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də baxıblar.
İclasda 2016-ci il payız sessiyasının iş planı da təsdiqlənib.