MƏDƏNİYYƏT
Milli Qəhrəman Elşad Yəhyayevin xatirəsi anılıb
Bakı, 5 may, Ceyhun Alışlı, AZƏRTAC
Mayın 5-də Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli məktəbdə Milli Qəhrəman Elşad Yəhyayevə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Milli Qəhrəmanın həyat yolunu əks etdirən sərgi ilə tanış olublar. Sonra Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Hicran Qarabəyli çıxış edərək Milli Qəhrəman Elşad Yəhyayevin döyüş yolundan söz açıb.
Qeyd olunub ki, belə tədbirlərin keçirilməsində məqsəd Vətənə xidmət etmiş, şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.
Tədbirdə iştirak edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşları, Elşad Yəhyayevin döyüş yoldaşları, ailə üzvləri, qohumları onunla bağlı xatirələrini bölüşüblər.
Məktəblilərin təqdimatında Milli Qəhrəmana həsr olunmuş mahnı və şeirlər səsləndirilib.
Tədbir “Ölümsüzlər” sənədli filminin nümayişi ilə davam edib.
Qeyd edək ki, Elşad Yəhyayev 1992-ci il iyunun 20-də Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib