SİYASƏT
Milli Qurtuluş Günü Cakartada da qeyd edilib
Cakarta, 16 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Cakartada Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən tədbir keçirilib.
Tədbirə aparıcı kütləvi informasiya vasitələrinin, müxtəlif gənclər təşkilatlarının və QHT-lərin nümayəndələri qatılıblar.
İştirakçılara 15 İyun - Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində yeri, xalqımızın ümummilli lideri Heydər Əliyevin bərpa edilən dövlət müstəqilliyinin qorunub saxlanmasındakı böyük rolu barədə geniş məlumat verilib. Ölkəmizin sürətli inkişaf yolu tutduğu, beynəlxalq arenada böyük nüfuz qazandığı xüsusi qeyd edilib. Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrildiyi, 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyi bildirilib. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyi, ölkəmizin təşəbbüsü ilə Bakı Beynəlxalq Humanitar, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının, BMT Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumunun, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda uğurla keçirildiyi vurğulanıb. Bir neçə gündən sonra Formula-1 Azərbaycan Qran-prisinin təşkil ediləcəyi diqqətə çatdırılıb.
Tədbirdə jurnalistlərin suallarını cavablandıran səfir Tamerlan Qarayev Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymadığını, əksinə, bu təcavüzün nəticələrini leqallaşdırmaqla məşğul olduğunu bildirib.
Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinə toxunan səfir 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini, əlaqələrimizin yüksək səviyyədə olduğunu və davamlı inkişaf etdiyini deyib. Səfir ikitərəfli əlaqələrin xüsusən enerji sektorunda güclü inkişaf etdiyini, o cümlədən turizm, ticarət və nəqliyyat kimi sahələrdə böyük potensialın olduğunu vurğulayıb.
Tədbirdə iştirakçılara ölkəmiz, o cümlədən tarixi, mədəni, dini irsimiz, turizm potensialı, Formula-1 Azərbaycan Qran-prisi haqqında videoçarxlar nümayiş etdirilib, müxtəlif çap məhsulları paylanılıb.
Tədbirlə bağlı xəbərlər yerli mətbuatda geniş işıqlandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta