CƏMİYYƏT
Milli Təhlükəsizlik Orqanları işçilərinin peşə bayramı Qaradağ rayonunda da qeyd olunub
Bakı, 29 mart, AZƏRTAC
Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaradağ rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov 28 mart – milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə təbriklərini çatdırıb. MTN-in uzun və şərəfli tarixi yol keçdiyini vurğulayan S.Mikayılov müstəqilliyimizin bərpasından sonra bu qurumun yenidən formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Bildirilib ki, məhz ulu öndər Heydər Əliyevin sayəsində 1964-ci ildən sonrakı dövrdə bu orqana milli kadrların cəlb olunması, onların yetişdirilib mühüm sahələrdə rəhbər vəzifələrə təyin edilməsi nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başlayıb. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində Azərbaycan hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilib. Xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyinin, sabitliyin və əmin-amanlığın qorunmasında MTN-in xüsusi rolu danılmazdır.
Sonda MTN-in Qaradağ rayon şöbəsinin bir neçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.