CƏMİYYƏT
Milli dövlətçilik ənənələrimizi zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyəti tarixdə silinməz izlər qoyub
Bakı, 27 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
Mayın 27-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, ali hərbi məktəblərin, veteranlar şuralarının əməkdaşları, müharibə veteranları və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə nəzər salıb. O, müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətin varisi olduğunu vurğulayıb.
Azərbaycan Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov, Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Əfqan Əliyev bildiriblər ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da tarixdə silinməz izlər qoyub. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 aylıq qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm tədbirlər həyata keçirib.
Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin bərpasının şərəfli səhifəsidir”, “İstiqlal bəyannaməsi-hüquqi dövlətçiliyin təməl daşıdır”, “Qarabağ problemi Azərbaycan Xalq Cümhuriyyəti dövründə” mövzularında məruzələr dinlənilib.
Sonra Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının nümayəndələri hərbi vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.