CƏMİYYƏT
Milli mənəvi dəyərlərimiz milli sərvətimizdir
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 27-də Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri üzrə yerli idarələri ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müşavirəsi keçirilib.
Müşavirə “Prezident İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki çıxışından irəli gələn vəzifələrin icrası barədə” təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən “Milli mənəvi dəyərlərimiz milli sərvətimizdir” mövzusunda keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Gənclər və İdman Nazirliyinin Bakı şəhəri üzrə yerli idarələrinin rəisləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı üzrə yerli idarələrinin rəisləri və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
BŞTİ–nin müdir müavini çıxış edərək əsas məqsədin məktəbdə təhsilin inkişaf istiqamətləri, xüsusilə uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi barədə irəli sürülmüş vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi olduğunu bildirib. Milli mənəvi dəyərlər mövzusunda məruzə ilə çıxış edən H.Əsgərov ulu öndər Heydər Əliyevin hər zaman milli mənəvi dəyərlərimizə yüksək qayğı və diqqət göstərdiyini bildirib. Ümummilli Liderin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Bildirilib ki, hər bir xalqı dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun milli mənəvi dəyərləri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəməxsus adət-ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Binəqədi rayon idarəsinin rəisi Mehman Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, 291 nömrəli məktəbin direktoru Sevinc Orucova, 18 nömrəli məktəbin direktoru Rəna Süleymanova, 284 nömrəli məktəbin direktoru Nizami Novruzov mövzu ilə bağlı fikirlərini bölüşüblər.