REGİONLAR
Mini futbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
Naxçıvan, 26 noyabr, AZƏRTAC
Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin mini futbol meydançasında 10-11 və 12-13 yaş qruplarından olan yeniyetmələr arasında mini futbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkil etdikləri birinciliyin açılışında çıxış edənlər yeniyetmə futbolçulara yarışın məqsədi barədə məlumat veriblər.
Daha sonra yarışlar başlayıb.
Birincilikdə 9 komanda mübarizə aparıb. 10-11 yaş qrupundan olan yeniyetmələrin yarışında 5 komanda meydana çıxıb. Daha inamlı təsir bağışlayan “UGİM-2” və “Rabitəçi” komandaları finala vəsiqə qazanıblar. Həlledici görüşdə qalib gələn “UGİM-2” komandası yarışın baş mükafatına layiq görülüb. “Gənc İlhamçılar” komandası isə üçüncülüklə kifayətlənib.
Turnirdə 12-13 yaş qrupundan olan yeniyetmələrin mübarizəsində isə 4 komanda qalibin adını müəyyənləşdirmək üçün meydana çıxıb. Bu yaş qrupunda “Rabitəçi” komandası finalda “UGİM-1” komandasını məğlub edib və yarışın qalibi olub. “Gənc Heydərçilər” komandası isə yarışı üçüncü pillədə başa vurub.
Sonda qalib komandanlara təşkilatçıların diplomları təqdim olunub.