CƏMİYYƏT
Misir Mədəniyyət Mərkəzində mətbuat nümayəndələri ilə görüş olub
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Misir Ərəb Respublikasının Şarm əl-Şeyx şəhərinə səfər etmiş mətbuat nümayəndələri və bu turun təşkilatçısı olan EgAz turizm şirkətinin rəhbəri Amr Şindi ilə görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Ahmed Sami Elaydi rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Azərbaycan və Misir arasında tarixi köklərə əsaslanan münasibətlərdən danışan Ahmed Sami Elaydi bu əlaqələrin ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Misirə səfərlərindən sonra daha da möhkəmlənməsini vurğulayıb.
Azərbaycanın Misir üçün əhəmiyyətli bir ölkə olmasını bildirən A.Elaydi, Misirin Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədrisindən danışıb.
O, Qahirədə keçirilən 46-cı kitab sərgisində Azərbaycanın ilk dəfə olaraq 500-dən çox kitabla iştirak etməsini qeyd edib.
Görüşdə iştirak edən mətbuat nümayəndələri Misir səfərindən razılıqlarını bildirib, yüksək təəssüratlarla döndüklərini deyiblər.
Görüşdə turun əsas məqsədlərindən olan Azərbaycan və Misir arasında turizm əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.