CƏMİYYƏT
Misir mətbuatı Silahlı Qüvvələr Günü ilə bağlı Azərbaycan səfirliyinin bəyanatını yayıb
Qahirə, 27 iyun, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyinin Azərbaycan ordusunun yaranmasının 97-ci ildönümü ilə bağlı bəyanatı Misirin Yaxın Şərq Xəbərlər Agentliyi tərəfindən yayılıb və digər xəbər saytlarında yerləşdirilib.
Bəyanatda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissənin yaradıldığı, həmin il avqustun 1-də Hərbi Nazirliyin təsis edildiyi və Xosrov bəy Sultanovun hərbi nazir təyin olunduğu bildirilir. Qısa müddətdə 30 minlik ordunun formalaşdırılması haqqında məlumat verilərək Milli Ordunun Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad etdiyi və sentyabrın 17-də Azərbaycan milli hökumətinin Gəncədən Bakıya köçürüldüyü vurğulanır.
Azərbaycanın 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal olunmasından və Xalq Cümhuriyyətinin süquta uğramasından sonra bolşevik hökumətinin Milli Ordunu ləğv etməsi, ordunun 21 generalından 15-nin bolşeviklər tərəfindən güllələnməsi, komandirlərin böyük hissəsinin repressiyaya məruz qalması və öldürülməsi haqqında da məlumat verilir.
Bəyanatda, həmçinin Azərbaycanın 71 ildən sonra dövlət müstəqilliyini bərpa etməsindən sonra 1991-ci ildə ordunun yaradılması haqqında qərar qəbul olunduğu diqqətə çatdırılır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə