QAN YADDAŞI
Misir mətbuatı Xocalı faciəsindən yazır
Qahirə, 26 fevral, AZƏRTAC
Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik “Əl-Cumhuriyyə” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevin Xocalı faciəsi haqqında məqaləsi dərc edilib.
Məqalədə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın öz müstəqilliyini bərpa etməsi, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının doğma torpaqlarından qovulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən qanlı cinayətin - Xocalı soyqırımının törədilməsi barədə ətraflı məlumat verilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən məlum qətnamələrin və qərarların Ermənistan tərəfindən indiyədək icra edilmədiyi oxucuların diqqətinə çatdırılır. Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı, bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırımına hüquqi-siyasi qiymətin verildiyi vurğulanır. Beynəlxalq ictimaiyyətin Ermənistana lazımı təzyiq göstərməməsi təəssüf hissi ilə qeyd olunur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə