CƏMİYYƏT
Mixaylonun qəhrəmanlığını heç vaxt unutmayacağıq VİDEO
Novo Qoritsa, 12 fevral, A.Həsənova, A.Rzayev, AZƏRTAC
Mehdi Hüseynzadə Sloveniyada daim ehtiramla yad olunur, hər birimizin qəlbində yaşayır, onun qəhrəmanlığını heç vaxt unutmayacağıq. Mixaylo Azərbaycan və sloven xalqlarını birləşdirir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başin deyib. O, Azərbaycan və sloven xalqları arasında dostluğun əsasının 1944-cü ildə qoyulduğunu, Azərbaycanın qəhrəman oğullarının Sloveniyanın azad olunması uğrunda düşmənlə cəsarətlə döyüşdüklərini söyləyib.
İvan Başin bildirib ki, 1984-cü ildə Novo Qoritsada Mehdi Hüseynzadənin həlak olduğu ərazidə onun şərəfinə abidə ucaldılıb. Mehdi Hüseynzadənin qəhrəmanlığı sayəsində iki xalq arasındakı dostluq münasibətləri daha da güclənib. Bu gün Azərbaycan-Sloveniya əlaqələri yüksək səviyyədədir.
Rəhbərlik etdiyi cəmiyyətin fəaliyyətinə toxunan İ.Başin əsas məqsədin Azərbaycan təşkilatları ilə elm, təhsil, mədəniyyət və s. sahələrdə əlaqələri genişləndirmək və ikitərəfli əməkdaşlığa yeni töhfələr vermək olduğunu qeyd edib.