CƏMİYYƏT
“Müasir Azərbaycan qadını” mövzusunda növbəti görüş keçirilib
Bakı, 25 fevral, Günel Məlikova, AZƏRTAC
Fevralın 25-də “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gənclik filialında növbəti, “Gözəllik dünyanı xilas edəcək” mövzusunda görüş keçirilib. Tədbir “Müasir Azərbaycan qadını 2” layihəsi çərçivəsində baş tutub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mərkəzin rəhbəri Təranə Məmmədova layihə barədə məlumat verib. Bildirilib ki, “Müasir Azərbaycan qadını” layihəsinə ümumilikdə 500-ə yaxın xanım müraciət edib. Bunların arasından şəhid, itkin düşmüş və məcburi köçkün ailələrindən olan qadınlara üstünlük verilib. Layihə çərçivəsində artıq “Vətənpərvər qadın”, “Sağlam bədəndə sağlam ruh”, “Yaradıcı qadın” mövzularında görüşlər keçirilib. Bu tədbirlər zamanı müasir dövrdə həyat tərzi və onun yaxşılaşdırılması, sağlam qidalanma, qadınların özlərinə qulluq qaydaları və bir sıra digər mövzulara dair fikir mübadilələri aparılıb, məlumat və tövsiyələr verilib. Layihənin məqsədi sosial həyatdan uzaq, öz gücünə inanmayan, ünsiyyət qurmaq, bacarıq və qabiliyyətlərinin üzə çıxarmağa çətinlik çəkən xanımlara dəstək olmaqdır. T.Məmmədova layihənin uğurla nəticələnəcəyinə ümidvar olduğunu bildirib.
Sonra Xocalı faciəsi zamanı şəhid olmuş və itkin düşmüş ailələrin üzvləri yaşadıqları o dəhşətli soyqırımı haqqında danışıblar.
Tədbirdə müxtəlif peşə sahibi qadınlar öz yaradıcılıq fəaliyyətləri barəsində məlumat verib, mövzu ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb, məsləhətlər veriblər.
Qeyd edək ki, yanvar ayında başlayan layihənin martın 4-də Gəncə şəhərində başa çatması planlaşdırılır.