SİYASƏT
Müasir müstəqil dövlətimizin inkişafında Yeni Azərbaycan Partiyasının rolu yüksək qiymətləndirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, YAP Yasamal rayon təşkilatı ilə birlikdə təşkil edilən tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə YAP-ın yaranma tarixindən, davamlı ənənələrindən və müasir inkişaf proseslərindən elmi şəkildə bəhs edilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov partiya quruculuğu istiqamətində keçilmiş məsuliyyətli və şərəfli yolun mühüm məqamlarından söz açıb, gənc alimlərə tövsiyələrini verib.
YAP Nizami adına Ədəbiyyat İnstitutu ilk partiya təşkilatının sədri Xədicə İskəndərli təmsil etdiyi elmi müəssisədə həyata keçirilən ideoloji tədbirlərdən söz açıb.
Digər çıxış edənlər də müasir müstəqil Azərbaycan dövlətinin inkişafında YAP-ın rolunu yüksək qiymətləndiriblər.
Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutunun partiya sıralarına yeni qəbul edilmiş əməkdaşlarından bir qrupuna YAP-ın üzvlük vəsiqələri təqdim olunub.