CƏMİYYƏT
Müdafiə Nazirliyi sağlamlıq imkanı məhdud olan gənclər üçün rəmzi hərbi xidmət təşkil etmişdir VİDEO
Bakı, 30 aprel (AZƏRTAC, Məhərrəm Əlioğlu). Aprelin 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində sağlamlıq imkanı məhdud olan bir qrup gənc üçün Müdafiə Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə birgünlük rəmzi hərbi xidmət təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, məqsəd sağlamlıq imkanı məhdud gənclərə əsgər həyatını rəmzi olaraq yaşatmaq və onları hərbi xidmətlə tanış etməkdir.
Əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində respublikanın 20 rayonunu təmsil edən 29 gənc (5 nəfər I, 11 nəfər II, 13 nəfər isə III qrup əlil) təntənəli surətdə “həqiqi hərbi xidmətə” yola salınmışdır. Müdafiə Nazirliyinin göndərdiyi avtobuslar artıq bir gün öncə əsgər forması ilə təmin edilmiş əlil gəncləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə gətirmişdir.
Sağlamlıq imkanı məhdud gəncləri mərkəzdə hərbi orkestrin müşayiəti ilə Müdafiə Nazirliyinin rəsmiləri, Təlim və Tədris Mərkəzinin zabitləri, veteranlar qarşılamışlar.
Hərbi şəhərciklə tanışlıqdan və sıra hazırlığı məşğələsindən sonra gənclərin təntənəli andiçmə mərasimi keçirilmişdir. Gənclər Azərbaycan Respublikasının Dövlət Bayrağı altında Vətənə sədaqət andı içmişlər. Sonra Azərbaycan Respublikasının Dövlət himni ifa olunmuşdur.
Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani əlil olduqlarına görə həqiqi hərbi xidmətdən azad edilən bu gənclərin əsgər forması geyinmək, hərbi and içmək, əllərinə silah almaq arzularının yerinə yetirilməsi baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Rüfər Əmirov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Ömər Abdullayev, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbəri Rəhilə Həsənova və Böyük Vətən Müharibəsi veteranları çıxışlarında gəncləri təbrik etmişlər.
Gənclər gün ərzində Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Silahlı Qüvvələrinin tarixinə dair ekspozisiya ilə tanış olmuşlar. Həmçinin onlara atəş şəhərciyi, sürücülük, idman trenajorlarında təyinatlar üzrə praktiki istifadə qaydaları göstərilmişdir. Hərbi silah və texnikalar gənc əsgərlərdə böyük maraq oyatmışdır. Cəbhə bölgələrindən gəlmiş zabitlər təlimlər keçmiş və gəncləri maraqlandıran sualları cavablandırmışlar.
Əlil gənclər yeməkxanada əsgərlərlə birlikdə nahar etmiş, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasına baxmışlar.
Sonda Heydər Əliyev muzey-lektoriyasında birgünlük əsgər həyatının yekunları müzakirə olunmuş, fərqlənən gənclər mükafatlandırılmış, xatirə hədiyyələri təqdim edilmişdir. Gənclərə təqdim edilən “Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir gün həqiqi hərbi xidmətdə olmuşdur” hərbi bileti onlar üçün xüsusilə yaddaqalan olmuşdur.
Gənclərdən I qrup əlillər Vüsal Babayev (Neftçala), Müşfiq Əliyev (Astara), Səid Əzimov (Göyçay), II qrup əlillər Elçin Lazımov (Ucar), Amil Əsgərov (Lerik), İlqar Hümbətov (Göygöl), Sərxan Tağıyev (Goranboy), Ramiz Şirvanov (Biləsuvar), III qrup əlillər Etibar Məmmədov (Quba), Həmzə Qəhrəmanov (Saatlı), Anar Qafarov (Şəki), Şaiq Məmmədov (Bakı) və başqaları arzularını həyata keçirdiyinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Fiziki sağlamlıqları həqiqi hərbi xidmət keçməyə imkan verməyən, lakin yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər gənclər birgünlük həqiqi hərbi xidmətdən xoş təəssüratlarla və unudulmaz xatirələrlə qayıtmışlar.