İQTİSADİYYAT
“Muğanbank” “Azərbaycanda Ən Fəal Emitent Bank” mükafatına layiq görülüb
Bakı, 27 may, AZƏRTAC
Avropa Yenidənqurma və İnkişaf Bankının (“AYİB”) Azərbaycanda 2015-ci ildəki fəaliyyətinə dair hesabatına əsasən “Muğanbank” ASC ticarətə yardım sahəsindəki nailiyyətlərinə görə AYİB-in “Azərbaycanda Ən Fəal Emitent Bank” mükafatına layiq görülüb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, mükafat Londonda keçirilmiş AYİB-in illik yığıncağı və biznes forumu çərçivəsində təqdim olunub.
“AYİB-ə bankımıza göstərdikləri etimad və diqqətə görə təşəkkürümüzü bildiririk. 10 il ərzində məhsuldar əməkdaşlığımız sayəsində biz Azərbaycanın maliyyə xidmətləri bazarında həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etmişik. Bu müddət ərzində qarşılıqlı faydalı əməkdaşlıq bankımızın inkişaf tempini sürətləndirib. AYİB kimi tərəfdaşımızın olmasından qürur duyur və əminliklə bildiririk ki, əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək”, - deyə “Muğanbank” ASC-nin idarə heyətinin sədri Elmir Həsənov qeyd edib.