CƏMİYYƏT
“Müharibə uşaqların gözü ilə” mövzusunda sərginin mükafatlandırma mərasimi keçirilib
Bakı, 3 mart, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən (BŞGİBİ) “Abşeron” Rəsm Qalereyasında Xocalı faciəsinin ildönümünə həsr olunan “Müharibə uşaqların gözü ilə” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, sərgidə Bakının müxtəlif rayonlarından 60 məktəbli iştirak edib. Nümayiş olunan 70 əsər əsasən qrafik janrda, müxtəlif texnikalarla işlənib.
Tədbirdə çıxış edən “Abşeron” Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov bu tarixi faciənin acı nəticələrindən danışıb və bildirib ki, bir sənətşünas kimi kiçik yaşlı uşaqların bu mövzuya müraciəti onda qürur hissi yaradır.
Tədbirdə çıxış edən Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov gənc istedadlara gələcək işlərində uğurlar arzulayıb.
Qeyd olunub ki, münsiflər yeniyetmə rəssamların əməyini layiqincə qiymətləndirərək onlar arasından istedadlılara müvafiq dərəcəli diplom və hədiyyələr təqdim ediblər.