ELM VƏ TƏHSİL
“Musiqi sənəti” istiqamətli ixtisaslar üzrə seminar
Bakı, 28 noyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbula hazırlıq işləri çərçivəsində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən solooxuma (xanəndə), solooxuma (milli vokal), estrada sənəti ixtisasları üzrə elmi-metodik seminar keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının nümayəndələrinin iştirak etdikləri seminarda müzakirə olunacaq imtahan proqramları və qiymətləndirmə meyarları haqqında məlumat verilib. Seçmə turların və qabiliyyət imtahanlarının daha səmərəli təşkili üçün bir sıra təkliflər müzakirə olunub.
Solooxuma (xanəndə), solooxuma (milli vokal), estrada sənəti ixtisasları üzrə qəbul proqramları və qiymətləndirmə meyarları müzakirələrdən sonra təsdiqlənib. Həmin proqramlar və qiymətləndirmə meyarları TQDK tərəfindən nəşr edilən “Musiqi sənəti” vəsaitində veriləcək.