REGİONLAR
Muxtar respublikanın rayon və kəndlərində profilaktik tibbi müayinələr aparılır
Naxçıvan, 26 oktyabr, AZƏRTAC
Muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları tərəfindən şəhər, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində kütləvi profilaktik müayinələr aparılır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin həkim briqadası Şahbuz rayonunun Biçənək kəndindəki həkim ambulatoriyasında əhalini profilaktik müayinələrdən keçirib. Yüksəkixtisaslı həkimlərdən ibarət briqada ultrasəs və digər müayinə aparatları ilə təchiz edilib.
Kənd ambulatoriyasının tibb işçilərinin də fəal iştirakı ilə həkim briqadası gün ərzində 27 pediatrik, 12 cərrahi, 22 terapevtik, 14 ginekoloji, 18 nevroloji xəstəni müayinə edib. Briqadanın fəaliyyəti zamanı pediatr tərəfindən 25 uşaq tibbi müayinədən keçirilərək peyvəndə cəlb olunub. Aşkar edilən ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb olunması məsləhət görülüb, onlara ambulator kartlar açılıb. Kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilib, əhali arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, ginekoloji xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılıb.
Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası isə Kəngərli rayonundakı Qarabağlar kəndində оlub.
Pediatr, stomatoloq, oftalmoloq, ginekoloq, nevropatoloq, endokrinoloq, həkim rezident və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib. Kənddə 35 uşağa tibbi xidmət göstərilib, bəzi xəstələrə əlavə müayinə və müalicə üçün Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. 40 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.
Xəstələrə pulsuz dərmanlar və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik kömək göstərilib.